Sual #93

Tural
Sual: Salam. Canon EOS 700 modelində Manual rejimin menyusunda WB-ni seçdikdən sonra setkalı koordinat oxuna bənzər bir menyu açılır. Bu nədən ötrüdür?

Cavab: Əgər sizi düz başa düşdümsə, dediyiniz kameranın WB Shift/BKT menyusudur. Menyunun bu bölməsi kameranın ağ balansı necə "başa düşdüyünü" dəyişmək üçündür. Bu menyuda dəyişiklik etməklə siz, kameranın rəngləri necə əks etməsini dəyişmiş olursunuz. Mərkəzdəki nöqtəni hər hansı bir rəng istiqamətində dəyişdikdə kameranın bütün rəngləri də həmin tərəfə dəyişəcək. 

Sual #82

Ali
Sual: "Full frame" kamerada ümumi "yürüş" nə qədər olur və onun çox olmasının kameraya mənfi təsiri varmı?
Cavab: Bu, saytda ən çox soruşulan suallardan biridir və hər zaman da mən sual verəni Sual #4 oxumağa göndərmək məcburiyyətində qalıram. Şatter (shutter) mexanizmi, kameranın sayğacının ümumi göstəricisi və "yürüşü" həmin mövzuda ətraflı əhatə edilib. 

Sual #75

Elmar Memmedov
Sual: Mən 3 şeyi öyrənmək istəyirəm. 1-ci: ONE SHOT, AI FOCUS və AI SERVOdan hansndan istifadə etmək daha yaxşıdır? 2-ci: AF mode bolməsində "evaluative metering", "partial metering", "spot metering", "center weighted", "average"dən hansını seçim? 3-cü: "AF point selection" bolməsində fokus nöqtəsindən hanısı seçim? Əvvəlcədən təşəkkürlər.
Cavab: Suallara və sayta olan marağınıza görə minnətdaram. Əslində saytda "bir dəfəyə bir sual" prinsipi olmasına baxmayaraq sizin hər üç sualınızı birdəfəyə cavablandıracağam. Buna səbəb isə verdiyiniz 3 sualdan 2-nin bundan əvvəl artıq cavablandırılmasıdır. Ona görə həm sizdən, həm də digər oxucularımızdan sual göndərmədən əvvəl saytdakı "axtarış" sistemində göndərəcəyiniz sualın və ya ona oxşar mövzunun olub-olmamasını yoxlamağınızı xahiş edirəm. 

Sual #74

İmdad 
Sual: Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz?
Cavab: "Hansı kameranı məsləhət görürsünüz" sualı mənə ən çox verilən suallardan biridir. Lakin, sizin soruşduğunuz "Peşəkar fotoqraf üçün hansı kameranı məsləhət gorürsünüz" sualı isə öz-özlüyündə yanlışdır. 

Sual #72

İbrahim Memmedli 
Sual: Salam. Nikon coolpix p510 markalı aparat peşəkar fotoqraf ücün əlverişlidirmi?
Cavab: Yaradıcılıq nöqteyi nəzərindən kamera bir alətdir və fotoqraf üçün nə ilə çəkməyin o qədər də böyük fərqi olmamalıdır. Amma "peşəkarlıq" dedikdə fotoqrafın bir sıra texniki amilləri nəzərə alması vacibdir. Kamera, obyektiv və digər avadanlığın peşəkar fotoqraf üçün əlverişli olması, həmin avadanlığın texniki göstəricilərınin peşəkar tələblərə cavab verməsi ilə müəyyən olunur.

Sual #69

Shirin Haciyev 
Sual: Fotoaparatın rejimlərindən olan Tv (Time Value or Shutter Priority) və Av (Aperture Value or Aperture Priority) rejimlərinin ingiliscə mənalarını başa düşürəm, lakin azərbaycanca konkret ifadə edə bilmirəm. Tv rejimi Pərdə sürəti üstünlüklü rejim, Av rejimi isə diafraqma üstünlüklü rejim sözləri ilə ifadə etsəm düzgün olarmı sizcə?
Cavab: Bir az əvvəl yazdığım kimi terminlərin azərbaycancaya tərcümə olunmasında bir sıra problemlər var.  Buna baxmayaraq, fotoqrafiyaya aid olan terminlərin dilimizə mümkün qədər dəqiq tərcümə olunmasına calışırıq. Kamerada olan çəkiliş rejimlərindən Tv (Time Value or Shutter Priority) azərbaycancaya "Sürgü üstünlüyü", Av (Aperture Value or Aperture Priority) isə "Diafraqma üstünlüyü" kimi tərcümə edilir. 

Sual #68

Shirin Haciyev
Sual: Bildiyimə görə "full frame" aparatda istifadə olunan bir obyektivin "crop sensor" aparatda hansı ölcülü obyektiv kimi işləyəcəyini öyrənmək üçün 1.6 əmsalina vururuq. Məsələn, "full frame" aparatda 50mm obyektiv "crop sensor" aparatda 80mm (50x1,6=80) kimi işləyəcək. Bu 1.6 əmsalının necə yarandığını öyrənmək istərdim. Bir də obyektivlərin mm ölçüsü dəqiq olaraq nəyi bildirir? Minnətdaram.
Cavab: Sualın birinci hissəsi kameralardakı sensorların ölçüsü ilə əlaqədardır. Analoq kameralarda şəkil filmdə həkk olunurdu. Müasir rəqəmsal kameralarda şəkil kameranın sensorunda yaranır, həkk olunur. Bu sensorlar əsasən iki növ olur - "full frame" və "crop sensor". "Full frame" sensorun ölçüsü analoji kameralarda istifadə edilən 35mm-lik filmin çərçivəsinin ölçüsü ilə (36mm x 24mm) eyni olduğundan ona "full frame" (tam çərçivə) adı verilib. Bu növ sensorlar çox baha başa gəldiyindən onları yuxarı sinif peşəkar kameralara qoyurlar.  

Sual #62

Elnur
Sual: Salam Rüfət müəllim. Mən küçə fotoqrafiyası (street photography) ilə maraqlanıram və həvəskar dərəcəsində məşğulam. Hazırda işlətdiyim aparat çox böyük və ağır olduğundan dəyişmək fikrindəyəm. Yeni aparat almaq istəyirəm. 3 model arasında seçim edə bilmirəm - Fuji x20, Canon Eos 600d (kit 18-55) və Nikon D5200 (kit 18-55). Bunlardan hansı daha uyğun olar?
Cavab: Salam Elnur bəy. Küçə fotoqrafiyası üçün kamera ətrafdakıların diqqətini nə qədər az cəlb etsə, bir o qədər yaxşıdır. Belə olduqda fotoqraf öz işini lazımsız diqqət cəlb etmədən rahat görə bilər. Belə kamera ilə fotoqraf ətrafdakılar tərəfdən daha çox "həvəskar" və ya turist kimi qəbul edilir və əlbətdə ki, fotoqrafın öz işini görməsi üçün daha əlverişli şərait yaranır. Bu baxımdan, küçə fotoqrafiyası üçün kiçik həcmli kameralar daha məqsədəuyğundur. 

Sual #51

Azik
Sual: Salam. Canon 60D sayğacının neçə olduğunu, yəni ümumilikdə neçə şəkil çəkdiyini haradan ölçə bilərəm?
Cavab: Bu sual saytda bir neçə dəfə verilib və cavablanıb. Sayğac haqda burada oxuya bilərsiniz.


Sual #49

Rufet 
Sual: Salam. Məndə Nikon d90-dır. Çəkdiyim şəkillər rəngli çıxmır, o nədəndi? Yaşilliqda çəkirsən şəkildə solğunluq var.
Cavab: Kameranın menyusuna baxmadan problemin səbəbini demək mümkün deyil. Ola bilsin ki, kameranın menyusunda nəyisə bilmədən dəyişmisiniz. Məsləhət görərdim ki, menyunu sıfırlayıb nəticəyə baxasız. Ola bisin ki, sıfırlandıqdan sonra hər şey qaydasına düşdü. 

Sual #45

Ceyhun Ali
Sual: Salam. Canon EOS 6D-də Kelvin olur?
Cavab: Sual çox qəribə olsa da, belə başa düşdüm ki, Canon 6D-də ağ balansı (white balance) necə dəyişmək barəsində öyrənmək istəyirsiniz. Əgər səhf başa düşmüşəmsə, onda aşağıda şərhlər bölməsində sualı daha aydın yazmağa çalışın.

Sual #44

Nicat 
Sual: Fuji x100s kamerasında flaşı arxa pərdəyə görə necə sinxronizə etmək olar?
Cavab: Flaşı arxa pərdə ilə sinxronizə etmək o deməkdir ki, flaş sürgünün (shutter) açılma anında deyil, bağlanma anında işə düşür. Beləliklə hərəkətin yaratdığı yayğınlığın sonunda flaş şəkli "dondurur".

Sual #33

Emin Hüseynov
Sual: Salam. Mənim Canon 5D mark 3 kameramın menyusunda "АF point selection" bölməsində bir neçə fokus nöqtələrinə aid bölmələr var. Hansını seçsəm daha yaxsı olar fokus üçün? Dəqiqlik istəyirəm. Bir nəfəri çəkəndə tam fokusda olsun. Xahiş edirəm bu haqda mənə kömək edin.
Cavab: Canon 5D mark 3-də 9 qrupa bölünmüş "xaç" tipli 61 fokus nöqtəsi var. Bu nöqtələrdən neçəsinin aktiv olması obyektivin maksimal diafraqmasından asılıdır. Əgər obyektivinizin maksimal diafraqması f5.6-sa onda sensorda 21 fokus nöqtəsi (qırmızı rəngdə olanlar) aktiv olacaq.

Sual #31

Elçin
Sual: Salam. Canon 5d mark III - də məndə belə bir problem var. P rejimdə və flaş qoshulu olanda sürgü sürəti 60-dan yuxarı nə qalxır nə də azalır. Zəhmət olmasa bununla əlaqədar mənə köməklik edin. Öncədən təşəkkür.
Cavab: P rejimi (proqram) seçildikdə siz yalnız İSO-nu dəyişə bilirsiniz, sürgü sürətini və diafraqmanı isə kamera avtomatik olaraq təyin edir. Bu, istehsalçı və modeldən asılı olmayaraq bütün kameralarda eynidir. 

Sual #29

Şirin Hacıyev
Sual: Salam. Canon 7D-nin ümumilikdə neçə şəkil çəkdiyini (sayğac) haradan öyrənə bilərəm? Əvvəlcədən təşəkkürlər
Cavab: Kameranın çəkdiyi şəkillərin ümumi sayını öyrənmək üçün universal olan bir proqram yoxdur. Hətta eyni istehsalçının müxtəlif modellərində bu məlumatı əldə etmək yolu fərqlidir. 

Sual #4

İlkin
Sual: Salam Məndə Canon 20 D-dir. Aparatin çəkdiyi şəkillərin ümumi sayını necə öyrənə bilərəm?
Cavab: Hər bir kameranın şatterinin (shutter) istehsalçı tərəfindən müəyyən etdiyi ömrü var və o, modeldən modelə fərqli olur. Lakin bu o demək deyil ki, kameranın şatter mexanizmini müəyyən dəfə basıldıqdan sonra mütləq dəyişmək lazımdır. Bu sadəcə istehalçı tərəfindən şatter üçün verilən zəmanətli təkrar basılma sayıdır. Nəzərə alın ki, şatterinin neçə dəfə basıldığını müəyyənləşdirmək üçün vahid standart sistem mövcud deyil və daha köhnə modellərdə bunu dəqiq öyrənmək imkanı yoxdur.