Sual #68

Shirin Haciyev
Sual: Bildiyimə görə "full frame" aparatda istifadə olunan bir obyektivin "crop sensor" aparatda hansı ölcülü obyektiv kimi işləyəcəyini öyrənmək üçün 1.6 əmsalina vururuq. Məsələn, "full frame" aparatda 50mm obyektiv "crop sensor" aparatda 80mm (50x1,6=80) kimi işləyəcək. Bu 1.6 əmsalının necə yarandığını öyrənmək istərdim. Bir də obyektivlərin mm ölçüsü dəqiq olaraq nəyi bildirir? Minnətdaram.
Cavab: Sualın birinci hissəsi kameralardakı sensorların ölçüsü ilə əlaqədardır. Analoq kameralarda şəkil filmdə həkk olunurdu. Müasir rəqəmsal kameralarda şəkil kameranın sensorunda yaranır, həkk olunur. Bu sensorlar əsasən iki növ olur - "full frame" və "crop sensor". "Full frame" sensorun ölçüsü analoji kameralarda istifadə edilən 35mm-lik filmin çərçivəsinin ölçüsü ilə (36mm x 24mm) eyni olduğundan ona "full frame" (tam çərçivə) adı verilib. Bu növ sensorlar çox baha başa gəldiyindən onları yuxarı sinif peşəkar kameralara qoyurlar.  

Orta və aşağı sinif kameralara isə "crop sensorlardan" istifadə olunur. Bu sensorlar "full frame" sensordan kiçik olduğu üçün onlara belə ad veriblər. Ən çox istifadə edilən "crop sensor" "full frame" sensordan 1.5 və ya 1.6 dəfə kiçikdir. Mövcud sensorların ölçüləri aşağıdakı şəkildə ətraflı təsvir edilib. 


Sizin dediyiniz 1.6 əmsalı da elə buradan yaranıb. Lakin bu əmsal kamerada istifadə edilən sensorun ölçüsündən asılıdır. Yəni, əgər kameradakı sensor 1.5x-dirsə, onda füll frame obyektivinin fokus məsafəsini 1.6 dəfə deyil, 1.5 dəfə artırmaq lazım olacaq. Deməli, "full frame" aparatda istifadə olunan bir obyektivin "crop sensor" aparatında fokus məsafəsinin neçə olacağını öyrənmək üçün obyektivin fokus məsafəsini sensorun "crop" əmsalına vurmaq lazımdır. 

Obyektivin mm ölçüsünün nəyi bildirməsi haqda sualınıza cavab olaraq onu deyə bilərəm ki, bu fokus məsafəsidir. İngiliscə buna "focal length" deyirlər. Obyektiv bir neçə linzadan ibarət bir sistemdir. Çəkəcəyiniz hər hansı bir obyektin görüntüsü obyektivin linzalarından keçərək hər hansı bir nöqtədə çəmləşir. Buna fokal nöqtə deyilir. Fokus məsafəsi obyektivin linzasından fokal nöqtəyə qədər olan məsafədir və obyektivlərin üzərində bu mm-lə göstərilir.   


Fokus məsafəsi nə qədər az olsa, obyektivin görmə bucağı bir o qədər geniş olacaq. Məsələn, eyni məsafədən 18mm-lik obyektivlə 200mm-lik obyektivə nisbətən daha geniş ərazini əhatə etmək mümkündür. 


No comments:

Şərh yaz