Sual #88

Fərid
Sual:
Salam. Sizin çəkdiyiniz "Süd Yolu" fotosunu gördüm. Belə fotonu necə çəkmək lazımdır?
Cavab: Salam Fərid. Əgər sizi düz başa düşdümsə, Dübəndidəki fotokamp zamanı çəkdiyim ulduzlu səma fotosunu nəzərdə tutursunuz. İngiliscə "Milky Way", Azərbaycanca isə bu "Süd Yolu" və ya "Kəhkəşan" adlanır. Hər şeydən əvvəl qeyd edim ki, mənim mənzərə və astro fotoqrafiyaya o qədər də böyük marağım yoxdur və qeyd etdiyiniz fotonu sadəcə sınaq məqsədi ilə çəkmişdim. Bu mövzuda ilk təcrübəm olduğundan, eləcə də məkan və vaxt məhdudiyyətləri səbəbindən nəticədən o qədər də razı qalmamışdım. Kəhkəşan çəkilişində məkan və vaxt amili vacibdir və bunu əvvəlcədən planlaşdırmaq lazımdır. Kəhkəşan çəkmək üçün bizə nə lazım olduğuna ətraflı baxaq.

1. Yüksək ISO imkanına malik kamera
3. Genişbucaqlı və sürətli obyektiv 
2. Tripod
3. Remote Shutter/Timer (uzaqdan idərə olunan çəkiliş düyməsi)
4. Kəhkəşanın yerini tətin edən proqram və ya tətbiqetmə (app)
   
Kamera
Yüksək İSO dedikdə əsasən 6400-ə qədər İSO nəzərdə tutulur. Qaranlıqa, qısa zaman müddətində ulduzların parıltısını əks etdirmək üçün bizə İSO-nu 2500 - 6400 aralıqda tutmaq məqsədəuyğundur. Həm də bu aralıqda əksər kameralarda fotonun keyfiyətinə mənfi təsir göstərən "küyə" (noise) bir qədər nəzarət etmək mümkündür. 

Obyektiv
Minimal diafraqması f/2.8 və daha açıq olan (f/2, f/1.8, f/1.4 və s.) genişbucaqlı obyektivlər (24mm, 18mm, 14mm) tövsiyyə olunur.

Tripod
Expozisiya müddətinin (sürgü sürətinin) uzun olması səbəbindən kameranın sabit tutulması və ən xırda titrəyişin belə olmaması üçün tripoddan istifadə vacibdir.

Remote Shutter/Timer
Bir çox kameralarda maksimal expozisiya müddəti (sürgü sürəti) 30 saniyədir. Ekspozisiyanın 30 saniyədən artıq olması lazımdırsa, bu zaman xüsusi cihaz - "remote shutter/timer"dən istifadə etmək lazım olacaq. Bu cihaz vasitəsilə siz həm ekspozisiyanı daha uzun müddətə təyin edə biləcəksiniz, həm də çəkiliş düyməsini basdıqda kameranın titrəməsinin qarşısını almaq üçün çəkiliş düyməsini uzaqdan idarə etmək imkanını əldə edəcəksiniz.

30 saniyəyədək ekspozisiyada çəkiliş düyməsini basdıqda kameranın titrəməməsi üçün kameranın özünün 2 saniyəlik timer rejimindən də istifadə edə bilərsiniz.

Məkan
Kəhkəşan çəkmək üçün tam qaranlıq məkan tələb olunur. Ətrada yaşayış məntəqəsi və ya digər işıq mənbəyi olmamalıdır. Gözlə görülməsə belə yaxında yerləşən yaşayış məntəqələrindən düşən işıq/parıltı fotoya çox ciddi mənfi təsir göstərəcək və istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz. 

Proqram
Fotoqraflar üçün Kəhkəşanın səmada yerini düzgün təyin etməyə imkan verən bir sıra proqramlar var. Onlardan birini telefonunuza qurmaqla olduğunuz məkandan kəhkəşanın düzgün istiqamətini təyin edə bilərsiniz. Ən populyar olanları aşağıda qeyd edirəm.


Obyektivin fokuslanması 
Obyektiv "manual" rejimdə sonsuzluğa fokuslanmalıdır. Bir çox obyektivlərdə sonsuzluğa fokuslanma işarəsi "∞" var. Lakin fotonun kəskin olması üçün fokus məsafəsini bu işarənin üzərinə qoymaq kifayət deyil. İstənilən halda bu işarəni seçdikdən sonra əl ilə yenə də fokusu dəqiqləşdirmək lazım olacaq. Bunun ən rahat yolu "Live View" rejiminə keçib görüntünü kamernın displeyində  "zum" edib fokuslamaqdır. 

Çəkiliş prossesi
Çəkiliş mütləq "Manual" rejimdə olmalıdır və RAW formatda çəkilməlidir. Diafraqma f/2.8 və ya daha açıq - yəni f/2, f/1.8 və ya f/1.4 ola bilər. İSO 2500 - 6400 aralığında təyin edilməlidir. Sürgü sürətini axırda qeyd etməkdə məqsəd onun xüsusi qaydaya görə təyin olunmasıdır. Bu qaydanın adı "500 qaydasıdır". 

Fotoqrafın məhşurluğundan asılı olmayaraq yer kürəsi daima fırlanır və buna görə də ulduzlar kameraya görə hər zaman hərəkətdədir. Ekspozisiya müddətinin uzun olduğunu nəzərə alaraq (20 - 30 saniyə) deyə biləri ki, bu müddət ərzində ulduzlar kameraya görə müyyən məsafə qət etmiş olacaq və bu da ulduzların yayğın düşməsi ilə nəticələnəcək.

Ulduzların kəskin olması üçün optimal ekspozisiya müddəti "500 qaydası" vasitəsilə təyin edilir. Bu qaydaya görə optimal ekspozisiya müddəti (sürgü sürəti) 500 rəqəminin istifadə etdiyiniz obyektivin fokus məsafəsinə bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, əgər siz 14mm obyektivdən istifadə edirsinizsə, bu zaman sürgü sürəti 500/14=35.7 - yəni yuvarlaq olaraq 35 saniyə olmalıdır. Bu yalnız "full frame" (tam çərçivə) kameralara aiddir. "Crop sensor" kameralar üçün hesablama bir az fərqlidir. Hesablama aparmazdan əvvəl obyektivin fokus məsafəsini "full frame" obyektivlərin ekvivlentinə çevirmək lazımdır. Yəni "crop sensor" 1.5 olduqda, 14mm  obyektivin "full frame" ekvivalenti 21mm (14x1.5=21), 1.6 olduqda isə  23mm (14x1.6=22.4) olacaq. Bundan sonra isə sürgü sürətini 500 rəqəmini obuektivin "full frame" ekvivalentinə bölməklə  əldə edə bilərsiniz.

Bu formulada nəyə görə məhz 500 rəqəmindən istifadə olunması barədə ətraflı məlumat yoxdur. Bu həm təcrübə, həm də kamera sensorunun texniki köstəricilərinin analizi və müəyyən riyazi hesablamalar nəticəsində müəyyənləşdirilib. 

Ağ balans
Ağ balansı istər çəkiliş, istərsə də emal zamanı seçmək olar. Kəhkəşan çəkilişi üçün optimal Kelvin 4000K-5500K aralığındadır.

El árbol que amaba a la Vía Láctea / The tree who loved the Milky Way

Ümid edirəm ki, sualınıza ətraflı cavab verə bildim. Burada yazılanları təcrübədən keçirib nəticəni şərhlər bölməsində paylaşa bilərsiniz. Nəticəni görmək mənim üçün də maraqlı olardı. Uğurlar!


No comments:

Şərh yaz