Sual #13

Əli Məmmədov
Sual: Portret çəkilişində işığın eynəkdə əks olunmaması üçün nə etmək lazımdır?
Cavab: Işığın düşmə bucağı ilə əks olunma bucağı eynidir. Daima kameranın və işıq mənbəyinin yerinə, eləcə də modelin duruşuna nəzarət etmək lazımdır. Təbii işıqla çəkiliş edilən zaman işığın düşmə bucağına nəzarət etmək o qədər də asan deyil. Bu səbəbdən eynəkdəki əkslər itənədək modelin duruşunu və ya kameranın yerini dəyişmək lazım olacaq. Əlavə olaraq modelin başı üzərində diffüzor yerləşdirməklə əksləri aradan qaldırmaq olar.

Studiya işıqları və ya flaşla işlədikdə vacib amil işıq mənbəyinin yerini və işığın düşmə bucağını dəyişməklə lazımi nəticənin əldə edilməsidir. Şəkildə (şəkil 1, 2) göründüyü kimi eynəkdə işığın əks olunmasının qarşısını almaq üçün onun düşmə bucağını dəyişmək lazımdır. 


Bu istənilən nəticəni vermədikdə işığı mümkün qədər hündürə qaldırmaqla (şəkil 3) işığın əks olunmasının qarşısını almaq olar. Lakin, bu halda işıq modelin üzündə daha dərin və sərt kölgələr yarada bilər. Sərt kölgələri isə modelin digər tərəfinə reflektor yerləşdirməklə (şəkil 4) yumşaltmaq mümkündür. 



Daha bir fəndi bölüşmək istəyirəm. Bu o qədər də düzgün və ya populyar metod deyil, amma bəzi fotoqraflar bu fənddən də istifadə edirlər. Əkslərin olmaması üçün sadəcə olaraq eynəyin çərçivəsini saxlayıb linzaları çıxarmaq (əgər eynək optikdirsə) kifayət edir. Bu metodun çatışmaya cəhəti odur ki, diqqətlə baxdıqda eynəkdə linzaların olmamasını aşkar etmək o qədər də çətin olmur və günəşə qarşı eynəklər üçün bunu istifadə etmək mümkün deyil.


No comments:

Şərh yaz