Sual #18

Elmar Hüseynov
Sual: Salam. Mən "manual" və "avto fokus" haqqında məlumat almaq istərdim. Tək portret və ya iki nəfər çəkəndə kəskinlik bir gözdə olur, o biri isə bulaniq alınır. Bilmək istəyirəm ki, "manual fokus", yəni fokus nöqtələrini düzgün təyin etmək ücün hansı parametri seçmək olar?
Cavab: Sizin sualınızda təsvir etdiyiniz məsələ kameranın hansı fokus ("manual" və ya "avto") rejimində işləməyindən asılı deyil. Bu fokus nöqtələrinin seçimi və diafraqma ilə əlaqədardır. Növbə ilə hər iki səbəbi araşdıraq. 

Əksər kameralarda adətən bir-birindən müəyyən məsafədə yerləşmiş 9 fokus nöqtəsi olur. Onlardan biri mərkəzdə, digər 8-i isə onun ətrafında (yuxarıda, aşağıda, sağda, solda) yerləşir. İstər "manual", istərsə də "avto" fokus rejimlərində bu nöqtələrin hamısının birlikdə və ya fotoqrafın seçimindən asılı olaraq hansısa birinin tək işlədilməsi mümkündür. 

9 nöqtənin hamısı birlikdə işlədikdə kamera kadrdakı obyektlər arasında məsafəni ölçərək ən yaxın nöqtəni seçir və fokusu həmin nöqtədə fiksasiya edir. Bütün nöqtələrin eyni vaxta işləməsinin bəzi mənfi cəhətləri var. Ən əsası odur ki, fokusun hara düşəcəyinə dəqiqliklə nəzarət etmək mümkün olmur. Bu əsasən iri planda portret çəkilişində daha çox nəzərə çarpır. Bildiyimiz kimi portretlərdə fokus əsasən gözlərə (gözün bəbəyinə) yönəldilməlidir ki, kəskinlik gözlərdə olsun. Fokus nöqtələri kamera ilə üz arasındakı məsafəni ölçərək ümumiləşdirilmiş fokus nöqtəsini təyin edir ki, bu da gözlərlə burun arasına (və ya gözlərlə qulaq arasına) düşə bilər. Belə olduğu halda kəskinlik də dəqiq gözlərdə olmayacaq.


Məhz bu səbəbdən bir çox fotoqraflar fokusun tək mərkəzi nöqtə vasitəsilə təyin edilməsinə üstünlük verirlər. Onu da qeyd etmək istəyirəm ki, ölçmə qabiliyyətinə görə mərkəzi nöqtə ətraf nöqtələr ilə müqayisədə daha dəqiq olur. Mərkəzi nöqtə ilə işlədikdə fokusu istədiyiniz yerə yönəltdikdən (düyməni yarıyacan basmaqla) sonra kadrın kompozisiyasını istədiyiniz kimi dəyişib (yarıyacan basılmış düyməni buraxmamaq şərtilə) düyməni tam basmaqla şəkli çəkmək lazımdır. Kompozisiya baxımından təkcə mərkəzi nöqtə ilə işləmək bir az çətin gələ bilər və buna vərdiş etmək üçün bir az vaxt lazım olacaq.  


Sizin dediyiniz kimi kəskinliyin yalnız bir gözdə olması, o birin isə yayğın düşməsinin səbəbi diafraqmanın çox açılması və öz növbəsində Kəskinlik Dərinliyinin (DOF) az olmasıdır. Çox açıq diafraqmada (f/1.2, f/1.8, f/2) kəskinlik dərinliyi bir neçə santimetr olduğundan bu, fotonun kəskinliyinə ciddi təsir edə bilir. Hər iki gözün kəskin olması üçün diafraqmanı mümkün qədər bağlayıb, fokusu kameraya yaxın olan gözə yonəltmək tövsiyyə olunur. Diafraqma, kəskinlik və Kəskinlik dəriniyi haqında Sual #1Sual #2-də ətraflı oxuya bilərsiniz. 

    

No comments:

Şərh yaz