Sual #17

Tahir
Sual: Ağ balansın əvvəlcədən düzgün təyin edilməsi nə dərəcədə vacibdir?
Cavab: Ağ Balans - AB (White Balance - WB) anlayışı fotoqrafiya ilə yeni maraqlananlar üçün ilk baxışdan çətin görünə bilər. Əslində bu o qədər də qəliz bir məsələ deyil. Sadəcə olaraq işığın xüsusiyyətlərini başa düşmək kifayətdir. İstənilən işıq mənbəyindən düşən işığın özünə məxsus rəngi var və bu işıq ətrafdakı cisimlərin üzərinə düşdükdə onların rəngini dəyişir. Bizi əhatə edən hər bir cisimin öz temperaturu var və deməli istilik şüaları saçır. Bu rəngin temperaturu adlanır.
Rəngin temperaturu Kelvinlə ölçülür. Sadə dildə desək rəngin temperaturu - tam və ya mütləq qara cismin müəyyən temperaturadək qızdırıldığı vəziyyətdə saçdığı rəngdir. Mağazadan aldığımız işıq lampasının verdiyi işıq ilə günəşin verdiyi işığın rənglərində fərqi yəqin ki hiss etmisiniz. İşıq lampasında çəkilən fotolarda (lampanın növündən asılı olaraq) rəng çalarları adətən sarımtıl və ya mavi tonlarda olur. Parlaq günəşdə çəkilən fotolarda isə göy rəng tonu üstünlük təşkil edir.

Analoq kameralardan fərqli olaraq rəqəmsal kameralarda bu rəngləri gözümüzün gördüyü təbii rənglərə üyğünlaşdırmaq mümkündür. Bu, kameranın menyusunda Ağ Balans (WB) rejimini ya avtomatik rejimə qoymaqla, ya da işığın rənginə müvafiq olaraq dəyişməklə tənzimlənir. AB-nin çəkilişdən əvvəl düzgün seçilməsi əsasən JPEG formatda çəkdikdə daha çox vacibdir. Çünki, JPEG formatda çəkilən fotoda Ağ Balansı sonradan dəyişməklə təbii rənglər əldə etmək mümkün deyil. RAW formatda çəkilmiş fotolarda isə bunu sonradan qrafik redaktorda asanlıqla tənzimləmək olur. Bu səbəbdən JPEG formatda çəkdiyiniz halda AB-ni (WB) öncədən düzgün müəyyən etməyiniz lazımdır.


No comments:

Şərh yaz