Sual #65

Arzu
Sual: "Gray card" nədir və nə üçün istifadə edilir?
Cavab: "Gray card" - azərbaycanca "boz kart" - rəqəmsal fotoqrafiyada ekspozisiya və ağ balansın düzgün təyin olunması üçün istifadə edilir. "Boz kart" adından da bəlli olduğu kimi boz rəngli karton, parça və ya plastikdən hazırlanır. Onun işığı əks etmə qabiliyyəti ağ rənglə qara rəngin arasında yerləşən boz rəngin 18%-i təşkil edir və ekpozisiya və ağ balansın təyin olunmasında etalon kimi qəbul edilir.  

Foto: London family photography

Bəs nəyə görə ağ balans ağ rəng deyil, boz rəngin üzərində qurulur? Məsələ ondadır ki, vahid ağ rəng anlayışı yoxdur, və gözlə gördüyümüz bütün ağ rənglər nisbidir, yəni biri o birindən bir az daha açıq və ya tutqundur. Ona görə kameranın ekspozisiyanı müəyyən edən elektronikasının düzgün işləməsi üçün 18%-lik boz rəng vahid etalon kimi istifadə olunur. Boz karta köklənmiş ağ balans fotodakı rənglərin və ekspozisiyanın düzgün və yerində olmasını təmin edir. Onu da nəzərə alın ki, JPEG formatında çəkirsinizsə, bu zaman ağ balans əvvəlcədən düzgün təyin olunmalıdır. Yox əgər RAW formatında çəkirsinizsə, onda ağ balans ya əvvəlcədən kamerada və ya da sonradan qrafik redaktorda tənzimlənə bilər. 


No comments:

Şərh yaz