Sual #2

Ceyhun 
Sual: Şəkillərin daha kəskin alınması üçün nəyi nəzərə almaq lazımdır?
Cavab: Fotonun kəskinliyinə (sharpness) bir sıra amillər təsir göstərir. Obyektivdəki linzaların keyfiyyəti və təmizliyindən başlayaraq kameranın əldə düzgün tutulması, doğru ekspozisiyanın seçilməsi və s. birbaşa şəkillərin kəskin olub-olmaması üçün əsas şərtlərdəndir.

Diafraqma: Diafraqma fotonun kəskinlik dərinliyinə (DOF), yəni fotonun hansı hissəsinin kəskin olmasına təsir edir. Diafraqma nisbətən bağlı olduqda (f/16, f/20 və s.) fokus zonası yaxında və uzaqda olan obyektləri əhatə edəcək. Açıq diafraqma ilə çəkdikdə (f/1.2, f/1.4) fokus zonası/məsafəsi çox kiçik olduğundan kəskinliyi asanlıqla itirmək mümkündür. Buna görə açıq diafraqma ilə işlədikdə fokus nöqtəsinin hara düşməsinə xüsusi diqqət yetirmək lazımdır. Bundan əlavə hər bir obyektivin hansı diafraqmada optimal kəskinlik əldə edə bilməsini bilmək vacibdir.

Fokus nöqtəsi: Kameranın bütün fokus nöqtələrindən eyni vaxtda istifadə etməməyə calışın. Bütün nöqtələrdən eyni vaxtda istifadə edildikdə, kamera, məsafəni ölçmə məqamında fokus nöqtələrinin düşdüyü səth üzərində onların otraq məsafənsini seçir və bu da bəzən kəskinliyin lazımi qədər olmamasına gətirirb çıxarır. Adətən mərkəzi fokus nöqtəsi məsafəni digərlərindən daha dəqiq ölçdüyü üçün ondan daha çox istifadə etmək məqsədəuyğundur.  

Sürgü sürəti: Sürgü sürəti (shutter speed) fotonun kəskinliyinə təsir edə biləcək əsas amillərdən biridir. Sürgü sürəti nə qədər aşağı olarsa, kameranın və ya çəkiliş obyektinin tərpənməsi nəticəsində yayğınlıq bir o qədər çox ola bilər. Bunun üçün müvafiq sürgü sürətini şəraitə uyğun olaraq diqqətlə seçmək lazımdır. Kameranın titrəməsinin qarşısını almaq məqsədilə mümkün olduqda tripoddan da istifadə etmək olar.  

İSO: Yüksək İSO-da küy (noise) və artefaktların əmələ gəlməsi kəskinliyin azalmasına səbəb ola bilər. Kamera istehsalçıları və modelləridən asılı olaraq müxtəlif kameralarda küyün hansı İSO-dan başlayaraq əmələ gəlməsi fərqlidir. Müasir kameralar adətən 800İSO-dək küysüz və keyfiyyətə heç bir mənfi təsir etmədən çəkmək imkanını verir.

Obyektivin keyfiyyəti. Obyektivin keyfiyyəti kəskinliyə birbaşa təsir edir. Lüks sinfinə aid olan obyektivlərin linzaları adətən daha keyfiyyətli olur. Bir çox tele-foto obyektivlərdə stabilizator mövcuddur. Stabilizatorun olması kameranın az da olsa titrəməsindən əmələ gələn yayğınlığı aradan qaldırır.

Əlavə olaraq çəkilişdən sonra fotoların qrafik redaktorda emalı zamanı da kəskinliyi müəyyən dərəcədə artırmaq mümkündür.


No comments:

Şərh yaz