Sual #84

Elshan
Sual: Salam. Photoshopda şəkli emal etdikdən sonra onu hansı ayarlarla və necə saxlamaq (save) lazımdır ki, sayt və ya sosial şəbəkələrdə paylaşdıqda şəkil öz keyfiyyətini, rənglərini itirməsin.
Cavab: Fotoları internetdə dərc etmək üçün adətən bir neçə formatdan, daha dəqiq desək GIF, PNG və JPEG formatlarından istifadə edilir. Bunların arasında fotoqrafiya üçün ən münasibi JPEG formatıdır. Photoshopda şəkillərin internet üçün hazırlanmasının əsas iki yolu var.

Birinci metodda şəkli internet üçün hazırlamazdan əvvəl onun ölçülərini müəyyənləşdirmək lazımdır. Adətən sayt və ya sosial şəbəkələrdə fotoları kiçik ölçüdə dərc edirlər. Bu həm şəklin brauzerdə yüklənmə vaxtına, həm də serverdə yerə qənaət edir. Orta hesabla fotonun uzun tərəfinin 1000 və ya 1500 piksel olması kifayətdir. Şəklin ölçüsünü düzgün azaltmaq üçün Photoshopda Image > Image Size menyusuna keçib fotonun uzun tərəfinin piksel sayını istədiyimiz ölçüyə uyğun daxil edirik. Əgər ölçülər bir-birilə əlaqəlidirsə, fotonun qısa tərəfi avtomatik uzun tərəfə proporsional olaraq azalacaq.


Ölçüləri müəyyənləşdirdikdən sonra eyni menyunun aşağı hissəsində, şəkildə göstərildiyi kimi, hər üç variantı seçmək lazımdır. Bu bizə fotodakı bütün stil və proporsiyaların ölçülərə üyğun dəyişilməsi imkanını verir. Növbəti addım fotonun interpolyasiyası - yəni piksellərin həcminin və sayının proqram tərəfində dəyişməsidir. Bu menyu interpolyasiyanın proqram tərəfindən necə həyata keçirəcəyini müəyyənləşdirir. Şəkli kiçiltdikdə menyudan "Bicubic Sharper (best for reduction) seçmək lazımdır. Bu vasitə ilə fotonu kiçiltdikdə proqram piksellərin sayını və ümumi kəskinliyi özü tənzimləyir.


Bundan sonra File > Save As menyusunu, sonra isə açılmış menyudan JPEG formatını seçmək lazımdır. Save düyməsini basdıqda JPEG Options, yəni JPEG seçimləri ekrana çıxacaq. Seçimlərdən "Quality" (JPEG keyfiyyəti) 10-12 arası və "Maximum" seçilməsi daha məqsədəuyğundur. Bundan sonra "Save" düyməsini basmaqla şəkli yaddaşa yaza bilərsiniz.

Fotoları JPEG formatında saxlamağın ikinci metodu File > Save for Web manyusu vasitəsilə həyata keçirilir. Bu zaman açılmış dialoq pəncərəsində faylın formatını JPEG, Quality (keyfiyyət) "High", "Very High" və ya "Maximum" seçirik. Sıxılma metodu "Optimized" olsa, kifayətdir.


Rəng profilini sRGB seçirik. Bu profil demək olar ki, bütün monitorlarda rənglərin düzgün əks olunmasını təmin edir.


Növbəti addım fotonun ölçülərinin təyin edilməsidir. Ölçülərin düzgün təyin edilmə qaydası yuxarıda təsvir edilmiş birinci metoddakı addımlarla demək olar ki, eynidir. İstədiyimiz ölçünü daxil etdikdən sonra Quality bölməsində "Bicubic" və ya "Bicubic Sharper" seçilməklə işi tamalaya bilərik.


Sonda "Save" düyməsini basmaq yaddan çıxmasın.


No comments:

Şərh yaz